Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometr təşkil edəcək. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir.
Dövlətimizin başçısının tapşırığına əsasən Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun Xudafərin su anbarı və Xanlıq yaşayış məntəqəsi arasında olan hissəsində tikinti işləri davam etdirilir.
İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “37 N-li Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti ilə "NN Construction" MMC birgə icra edir.